İSTİFADƏÇİ ŞƏRTLƏRİ VƏ QAYDALARI
Haqqımızda
Bu sənəd "Enhance Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1703852711, hüquqi ünvan: Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 5) tərəfindən idarə olunan Pai.az veb platforması (bundan sonra "Platforma" və ya "Pai.az") vasitəsilə təqdim olunan xidmətlərdən istifadə üçün tətbiq olunan şərtləri və qaydaları müəyyən edir.
İstifadəçi Platformaya daxil olmaqla və ya qeydiyyatdan keçməklə bu şərtləri oxuyub başa düşdüyünü, hüquqi cəhətdən razılaşdığını və onlara əməl etməyi öhdəsinə götürdüyünü təsdiqləyir, bu razılaşma fiziki imzalanmış müqavilələrlə eyni hüquqi qüvvəyə malikdir.
Xidmətlərimizdən istifadə etməzdən əvvəl bu Şərtləri və Qaydaları diqqətlə oxuyub, əməl etməyiniz xahiş və tələb olunur.
Anlayışlar
Platforma / Pai.az - Əldə etdiyi Əmlakı İnvestorlardan cəlb edilən haqlar əsasında rekonstruksiya etdikdən sonra özgəninkiləşdirib əldə edilən mənfəəti xidmət haqqının özünə aid hissəsi çıxıldıqan sonra İnvestorlar arasında bölüşdürən vasitəçi tərəf və onun tərəfindən idarə edilən veb-sayt;
Əmlak - Platforma tərəfindən xüsusi meyarlara uyğun olaraq seçilmiş, rekonstruksiyası nəzərdə tutulan yaşayış evi və ya mənzil şəklində daşınmaz əmlak;
Şirkət - Platforma və İnvestorların iştirakçısı olduğu, Əmlakın mülkiyyət hüququnun aid olduğu, ümumi proseslərin adından və tərəfindən aparıldığı, idarəetməsinin Platformaya məxsus olduğu hüquqi şəxs;
İnvestor - Şirkətə iştirakçı kimi qatılaraq Şirkətə aid olan, iştirakçılar tərəfindən pul şəklində qoyulan investisiyalar əsasında rekonstruksiya edilməsi və gələcəkdə özgəninkiləşdirilməsi nəzərdə tutulan Əmlakın özgəninkiləşdirilməsi zamanı əldə edilən mənfəətin öz payına mütənasib və razılaşmaya uyğun olan hissəsini əldə edən tam fəaliyyət qabiliyyətli fiziki şəxs;
İstifadəçi - Platforma tərəfindən təqdim edilən xidmətlərdən, veb-saytdan istifadə edən İnvestor və ya digər fiziki şəxs;
Dövr - İnvestorların Şirkətin iştirakçısı olması ilə başlayıb bir Əmlakın əldə edilməsi, rekonstruksiya edilməsi, özgəninkiləşdirilməsi, mənfəətin bölünməsini əhatə edən və İnvestorların Şirkətin iştirakçılığından çıxması ilə yekunlaşan vahid zaman intervalı;
Rekonstruksiya - Əmlakın konstruksiyasının, daxili dizaynının və digər texniki xüsusiyyətlərinin İnvestorların investisiyası hesabına təkmilləşdirilməsi;
OTP (One-Time Password) – İstifadəçinin qeydiyyat zamanı mobil nömrəsinə göndərilən birdəfəlik təsdiqləmə şifrəsi.
Qeydiyyat və İstifadəçi hesabı
Platformadan istifadə etmək üçün İstifadəçi adını, soyadını, həmçinin mobil nömrəsini daxil etməlidir.
Məlumatlar daxil edildikdən sonra təsdiqlənmə üçün mobil nömrəyə gələn OTP müvafiq yerə daxil edildikdə qeydiyyat tamamlanmış hesab olunur.
İstifadəçi daxil etdiyi məlumatların düzgünlüyünə cavabdehdir. Yalnış məlumatlar xidmətin göstərilməməsinə və ya hesabın bloklanmasına səbəb ola bilər.
Hesabın qorunması və parolun məxfiliyi istifadəçinin məsuliyyətindədir. Üçüncü şəxslərin hesabdan istifadə etməsinə şərait yaradılmamalıdır.
Xidmətlərin təsviri
Pai.az müvafiq meyarlara əsasən seçdiyi Əmlakı özünün və İnvestorların iştirakçısı olduğu Şirkət vasitəsilə və İnvestorların investisiyaları hesabına rekonstruksiya edərək özgəninkiləşdirir.
Əmlakın ilkin olaraq əldə edildiyi qiymətlə rekonstruksiya edildikdən sonra özgəninkiləşdirildiyi qiymət arasındakı fərqdən xərclər, vergi və digər məcburi ödənişlər çıxıldıqdan sonra qalan məbləğ mənfəətdir.
Mənfəət Pai.az və İnvestorlar arasında investisiya məbləğinə mütənasib olaraq və razılaşmaya uyğun olaraq bölüşdürülür.
Əmlak özgəninkiləşdikdən və mənfəət bölüşdürüldükdən sonra İnvestorlar Şirkətin iştirakçılığından çıxır və ilkin Dövr bitir.
İnvestorlar istəyə uyğun olaraq növbəti Dövrlərdə eyni prosesdə yenidən iştirak edə bilərlər.
Ödəniş şərtləri
Ödənişlərin hansı qaydada həyata keçirilməsi, ödəniş şərtləri, ödənişlərin məbləği və digər detallar veb-saytda və gələcəkdə hazırlanacaq mobil tətbiqdə müəyyən edilir.
Bütün ödəniş əməliyyatları qanunvericiliyə uyğun şəkildə, AZN ilə aparılır.
Məsuliyyət
Hər bir tərəf qarşı tərəfə təqsirli vurduğu zərərə görə tam məsuliyyət daşıyır.
Tərəflər qəbul edir ki, Əmlakın hansı müddətə özgəninkiləşdirilməsi Platformanın iradəsindən asılı deyildir və Əmlakın gözlənilən müddətə özgəninkiləşdirilə bilinməməsinə görə Platforma məsuliyyət daşımır.
Platforma yalnız Əmlakın rekonstruksiya planı barədə İstifadəçilərə düzgün məlumat vermək, hesabatlarda saxtakarlıq etməmək öhdəliyi daşıyır. Platforma Əmlakın özgəninkiləşdirilməsi zamanı vicdanla səy göstərməyi öhdəsinə götürür.
Qeydiyyatdan keçərkən məlumatların, habelə hesab məlumatlarının doğruluğuna görə İstifadəçi məsuliyyət daşıyır. Hesab məlumatlarının və ya digər məlumatların yanlış daxil edilməsi və ya hesab məlumatların üçüncü şəxslərlə paylaşılması səbəbilə İstifadəçiyə vurulan zərərə görə Platforma məsuliyyət daşımır.
İnvestor kimi prosesə cəlb edilmək istəyən İstifadəçi sənədləşmələrdə tələb edilən qaydada iştirak etməyi, müvafiq məlumatları vaxtında təqdim etməyi, ödənişi gecikdirməməyi öhdəsinə götürür. Əks halda Platforma şəxsin İnvestor kimi prosesə cəlb edilməsindən imtina edə bilər.
Mənfəətin bölüşdürülməsi başa çatdıqdan, yəni, bir Dövrün başa çatmasından sonra hər bir İnvestor Şirkətin iştirakçılığından çıxmağı, bundan irəli gələn sənədləşmələrdə (təsis qərarlarını imzalamaq və s.) vicdanla iştirak etməyi, prosesi pozacaq və ya gecikdirəcək addımlar atmamağı öhdəsinə götürür. Əks halda, prosesi gecikdirən, mane olan və ya razılaşmaya zidd davranan İnvestor Platformaya və ya digər İstifadəçilərə vurulan zərərə görə 50 000,00 AZN məbləğində cəriməni (əgər vurulmuş real zərər bu cərimədən çox olarsa, ödəniləcək cərimənin məbləği zərərin məbləğinə çatmalıdır) ödəməyə razıdır.
Şirkətin idarəedilməsinə, sənədləşməyə, mənfəətin bölünməsinə görə məsuliyyət Platformaya aiddir. Mənfəətin bölüşdürülməsi zamanı ödəmə mənbəyindən verginin ödənilməsinə görə Platforma məsuliyyət daşıyır.
Fərdi məlumatların toplanması və qorunması
Platforma tərəfindən İstifadəçilərin aşağıdakı məlumatları toplanılır:
• İstifadəçinin adı;
• İstifadəçinin soyadı;
• İstifadəçinin əlaqə nömrəsi.
Müvafiq fərdi məlumatlar yalnız şəxsiyyətin eyniləşdirilməsi məqsədilə toplanılır və saxlanılır. Fərdi məlumatların İstifadəçinin razılığı olmadan ötürülməsinə, satılmasına, dəyişdirilməsinə və s. yol verilmir. Məlumatlar üçüncü tərəflərlə yalnız aşağıdakı hallarda paylaşılır:
• Xidmətin göstərilməsində iştirak edən tərəfdaş texnologiya təminatçıları ilə (məsələn, banklar, ödəniş provayderləri);
• Qanunla tələb edildikdə, müvafiq dövlət qurumları ilə.
İstifadəçi tərəfindən hesab silindiyi anda həmin İstifadəçiyə dair toplanmış fərdi məlumatlar məhv edilir.
İstifadəçi istənilən zaman ona aid fərdi məlumatların silinməsi üçün müraciət edə bilər.
Platforma İstifadəçilərdən toplanılan fərdi məlumatların qorunması üçün qanunvericilikdəki bütün tələblərə əməl etdiyinə zəmanət verir.
Məxfilik şərtləri barədə daha ətraflı məlumat üçün Məxfilik Siyasəti nəzərdən keçirilə bilər.
Kukilər və texnologiyalar
Tətbiq istifadəçi təcrübəsini təkmilləşdirmək üçün "kuki" fayllarından istifadə edir.
Kukilər brauzer parametrlərindən məhdudlaşdırıla bilər, lakin bu halda bəzi funksiyalar işləməyə bilər.
Qadağan olunmuş davranışlar
Digər İstifadəçilərə və ya Platformaya zərər vura biləcək və ya vuran davranışlar;
Daha çox mənfəət əldə etmək və ya digər bir niyyətlə həyata keçirilən yalan, saxtakarlıq və ya digər aldadıcı davranış;
Sistemə icazəsiz müdaxilə etmək;
Tətbiqdən qeyri-qanuni məqsədlərlə istifadə etmək;
"Bot", "scraper" və ya digər zərərli avtomatik texnologiyalardan istifadə.
Hesabın silinməsi və xitam
İstifadəçi öz hesabını tətbiq üzərindən silmək hüququna malikdir. Silinmə təsdiqləndikdən sonra bərpa edilmir.
İstifadəçi hesabını sildikdən sonra istənilən zaman yenidən qeydiyyatdan keçə bilər.
İstifadəçinin hesabı silindikdən sonra ona aid bütün məlumatlar silinir, fərdi məlumatlar məhv edilir.
Uyğunsuz və ya etik olmayan məzmun paylaşan, bu Şərtlər və Qaydaları pozan, digər İstifadəçilərin və ya Platformanın mənafeyinə zidd davranışlar edən, ən az 2 dəfə İnvestor kimi prosesə daxil olmaq niyyətini bildirib sonradan imtina edən və ya prosesi gecikdirən / mane olan İstifadəçilərin hesabı xəbərdarlıq edilmədən bloklana və ya silinə bilər.
Mübahisələrin həlli
Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.
Mübahisələr ilkin olaraq qarşılıqlı razılaşma yolu ilə həll edilir. Əks halda, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət edilir.
Yekun müddəalar
Hər bir İstifadəçi Şərtlərin bütün müddəalarını qeyd-şərtsiz qəbul etmiş hesab olunur.
Tərəflər Şərtlər üzrə öhdəliklərinin icrası ilə bağlı yaranan məsuliyyətlər və digər tələblər üçün hüquqi yollara müraciət etmək hüququnu özündə saxlayır.
Bu Şərtlər və Qaydalar predmeti üzrə Tərəflər arasında tam razılaşmanı əks etdirir və istənilən əvvəlki şifahi və ya yazılı razılaşmaları, təqdimatları və ya bəyanatları əvəz edir.
Bu Şərtlər və Qaydaların hər hansı müddəasının icraedilməz və ya etibarsız olduğu aşkar edilərsə, həmin müddəa lazım olan minimum həddə məhdudlaşdırılacaq və ya ləğv ediləcək və bu Şərtlər və Qaydaların digər müddəaları tam qüvvədə qalacaq.
Əlaqə və ya əlavə məlumat üçün üçün:
E-mail: [email protected]
Əlaqə nömrəsi: +994 XX XXX XX XX
Son yenilənmə tarixi: 18.11.2025